Həbsdə olan politoloq Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlının böhtan və təhqirdə ittiham olunduğu iş üzrə ekspertiza təyin edilib. Onun “Facebook” paylaşımlarında işlətdiyi ifadələrin təhqir, şərəf və ləyaqəti alçaldan məzmun daşıyıb-daşımadığı araşdırılacaq.
“Azadlıq Radiosu”nun məlumatına görə, qərarı sentyabrın 25-də Binəqədi Rayon Məhkəməsinin hakimi Samir Nəsibov verib. Məhkəmə prosesi ekspertizanın nəticəsi məlum olanadək təxirə salınıb.
Samirə Qasımlıdan şikayət edən Qurbanəli Yusibov Azər Qasımlının cinayət işində zərərçəkmiş kimi tanınıb. O iddia edir ki, politoloqun məhkəməsi davam etdiyi dövrdə Samirə Qasımlı sosial şəbəkə paylaşımlarında onun haqqında “üzəduran” və digər ifadələr işlədərək şərəf və ləyaqətini alçaldıb, böhtan atıb. Yusibov buna görə onun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.
Müdafiə tərəfi isə məhkəməyə dilçi alimin hazırladığı mütəxəssis rəyini təqdim edib. Vəkil Ramil Süleymanov bildirib ki, həmin rəyə əsasən, “üzəduran” ifadəsinin işlədilməsi şəxsin şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirilə bilməz.
““Üzəduran” və “üzə duran” ifadələrinin Azərbaycan dilində hüquqi-istintaq kontekstində işlənməsi dil normalarına uyğundur. “Üzə durmaq” və “üzünə durmaq” ifadələri istintaq və məhkəmə kontekstində şəxsin digər şəxs barəsində və ya onun əleyhinə ifadə verməsini ifadə edə bilər”, – rəydə qeyd olunub.
Süleymanov məhkəmənin də ekspertiza təyin etməklə mübahisələndirilən ifadələrin məzmununa aydınlıq gətirə biləcəyini deyib.
Qurbanəli Yusibov əvvəlki iclaslarda olduğu kimi, bu dəfə də məhkəməyə gəlməyib. Samirə Qasımlı şikayətçinin iştirakı olmadan işə baxılmasına etiraz edib. Hakim isə şikayətçinin vəkilinin iştirakını kifayət sayaraq prosesi davam etdirib.
Samirə Qasımlıya qarşı Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə ittiham irəli sürülüb. Bu maddələrdə cərimə və ictimai işlər kimi alternativ cəzalarla yanaşı, altı ayadək azadlıqdan məhrumetmə də nəzərdə tutulur.
Qasımlı ittihamları qəbul etmir və məhkəmə işini siyasi sifariş hesab edir. O, barəsindəki şikayəti və ölkədən çıxışına qoyulan məhdudiyyəti belə şərh edib:
“Bu, həm Azər Qasımlıya, həm də onun və digər siyasi məhbusların problemlərini qaldıran Samirə Qasımlıya qarşı olan işdir. Məqsəd həm də Samirə Qasımlının fəaliyyətini məhdudlaşdırmaqdır”.
Azər Qasımlı 2024-cü ilin dekabrında Qurbanəli Yusibovun şikayəti əsasında həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi 2026-cı ilin martında onu hədə-qorxu ilə tələb etmədə təqsirli bilərək 12 il müddətinə azadlıqdan məhrum edib. Politoloq ittihamı rədd edir və həbsinin siyasi sifariş olduğunu bildirir.

