BakuJobs
Tikinti sektoru 12,5 faiz kiçilib: şirkətlərin yeni sifariş gözləntiləri də azalıb

Tikinti sektoru 12,5 faiz kiçilib: şirkətlərin yeni sifariş gözləntiləri də azalıb

Tikinti şirkətləri mövcud sifarişlərin orta hesabla 14,6 aya icra ediləcəyini gözləyirlər. Qiymətlərlə bağlı gözlənti göstəricisi isə mənfi 24,6 bənd təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında tikinti sahəsində yaradılmış əlav

October 19, 20261 views

Azərbaycanda tikinti sektorunda şirkətlərin biznesə inamı avqustda daha da zəifləyib. Şirkətlər son üç ayda görülən işlərin həcmində yaxşılaşma olduğunu bildirsələr də, yeni sifarişlərin kəskin azalması və məşğulluqla bağlı mənfi gözləntilər sektorun yaxın dövr üçün perspektivlərinin zəif qaldığını göstərir.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, avqustda Tikinti İnam İndeksi mənfi 32,3 bənd təşkil edib. İyulda göstərici mənfi 30,9, 2025-ci ilin avqustunda isə mənfi 5,5 bənd olub. Beləliklə, tikinti şirkətlərinin əhvalı həm əvvəlki ayla, həm də ötən ilin eyni dövrü ilə müqayisədə pisləşib.

Bununla belə, şirkətlərin son üç ayda gördükləri tikinti işlərinin həcminə dair qiymətləndirməsi yaxşılaşıb. Bu göstərici iyulda mənfi 27,3 bənd olduğu halda, avqustda 1 bəndə yüksəlib.

Əsas problem isə yeni sifarişlərlə bağlıdır. İcraya qəbul edilmiş sifarişlər üzrə göstərici iyuldakı mənfi 51,9 bənddən avqustda mənfi 52,2 bəndə düşüb. Bu, yeni sifarişlərin azaldığını bildirən şirkətlərin sayının artım olduğunu deyənlərdən xeyli çox olduğunu göstərir.

Başqa sözlə, hazırda icra olunan tikinti işlərində canlanma müşahidə edilsə də, şirkətlərin sonrakı dövr üçün sifariş portfeli zəif qalır.

İşçi sayı ilə bağlı gözləntilər də pisləşib. Avqustda göstərici mənfi 12,4 bənd olub. İyulda bu rəqəm mənfi 10 bənd idi.

Tikinti şirkətləri mövcud sifarişlərin orta hesabla 14,6 aya icra ediləcəyini gözləyirlər. Qiymətlərlə bağlı gözlənti göstəricisi isə mənfi 24,6 bənd təşkil edib.

Tikintidəki zəifləmə yalnız şirkətlərin sorğularında deyil, ÜDM göstəricilərində də görünür. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında tikinti sahəsində yaradılmış əlavə dəyər ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz azalıb.

Bununla yanaşı, bütün investisiya göstəricilərində azalma yoxdur. Yanvar-avqust aylarında əsas kapitala yönəldilən ümumi investisiyalar real ifadədə 10 faiz artaraq 12,7 milyard manata çatıb. Neft-qaz sektorunda artım 32,4 faiz, qeyri-neft-qaz sektorunda isə cəmi 1,4 faiz olub. Yaşayış evlərinin tikintisinə qoyulan investisiyalar da 1,8 faiz artıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov iyunda mətbuata müsahibəsində tikinti sektorundakı azalmanın əsasən özəl tikinti ilə deyil, dövlət layihələri ilə bağlı olduğunu deyib.

Nazirin sözlərinə görə, 2026-cı ilin ilk aylarında bir sıra dövlət layihələrinin icra vaxtı dəyişdirilib və həmin investisiyalardan irəli gələn tikinti işləri sonrakı mərhələyə keçirilib.

Cabbarov bildirib ki, hökumət azalmanın səbəblərini bilir və bunun aradan qaldırılması üçün görülməli tədbirləri müəyyənləşdirib.

Müstəqil iqtisadçıların son aylardakı qiymətləndirmələrində də dövlət investisiyalarının dinamikası tikintidəki azalmanın əsas səbəblərindən biri kimi göstərilir. Bununla yanaşı, ekspertlər problemi yalnız dövlət layihələrinin icra müddətinin dəyişməsi ilə izah etməyin kifayət etmədiyini bildirirlər.

İqtisadçıların fikrincə, sektora dövlət sifarişlərinin azalması və ya təxirə salınması ilə yanaşı, özəl investisiya fəallığının yetərincə güclü olmaması, mənzil bazarında tələbin imkanları və ipoteka kreditləşməsinin dinamikası da təsir göstərir.

Mənbə: Abzas Media